Professor Nurəli Lətif Oğlu Əfəndiyev - 100
Bu il Azərbaycan tibb elminin görkəmlı nümayəndələrindən biri, taninmış həkim alim ,və bir neçə nəsil tibb kadarlarının hazırlamasında böyük rolu olmuş Əfəndiyev Nurəli Lətif oğlu əsl xeyirxah, humanist, və vətənpərvər ziyalı kimi həmvətərlərinin xoşbəxtliyini düşünmüş, onların sağlamlığı yolunda omrü boyu yorulmadan çalışmışdır.
Nurəli Lətif oğlu Əfəndiyev 1924 -cü il sentyabrın 5-də Ağdaş (indiki Yevlax) rayonunun Xanabad kəndində anadan olmuşdur. 1932-ci ildə atasını mülkədar adı ilə həbs edib,10 il müddətinə Uzaq Şərqə sürgün etmişlər. Mülkünü və əmlakını dövlət hesabına keçirib, ailəsini həyətdən çıxarmışlar. Evindən didərgin salınan,ağır maddi və mənəvi çətinliklərlə üzləşən ailə üzvləri özgə qapılarında yaşayıb, işləyərək vəziyyətdən çıxa bilmişlər. Bütün bunlara baxmayaraq , Nurəli ibtidai təhsilini kənddə alıb, Xaldan orta məktəbini bitirir. 1941-ci ildə Azərbaycan Tibb İnstutuna daxil olur. Ağır müharibə şəraitində təhsilini davam etdirərək, 1946-cı ildə institutu bitirir. İnstitutu qurtaran kimi o, Sabunçu rayonuna Abşeron üzrə uroloq təyin edilmişdir. İşə başlamazdan öncə birinci ixtisaslaşma üçün Leninqrada 6 aylıq kursa göndərilmişdir. Bu Respublikamızda urologiyanın inkişafı üçün görülən ilk ciddi tədbirlərdən biri idi. Məhşur uroloq prof. İ.N.Şapironun klinikasında ixtisaslaşma keçdikdən sonra Bakıya qayıdaraq, Sabunçu rayonunda stasionarda və poliklinikada işləyərək əhaliyə səriştəli uroloji xidmət göstərmişdir.
İşlədiyi müddət ərzində o praktiki urologiyanın sirlərinə yiyələnməklə yanaşı, təhsilini artırmaq istiqamətində də daim səy göstərmişdir. Bu məqsədlə 1951-ci ildə Moskva Vilayət Elmi Tədqiqat Klinik institutunda urologiya üzrə klinik ordinaturaya qəbul olunur və təhsilini davam etdirir.
Orada oxuduğu və işlədiyi müddətdə öz işgüzarlığı ilə kollektivin dərin hörmətini qazanır. Hətta ordinaturanı qurtarana yaxın onun iş yoldaşı kiçik elmi işçi K.A.Qaryanik klinika rəhbərinə müraciət edərək N.Əfəndiyevin klinikada saxlanmasını təklif edir hətta buna ştat imkan verməzsə öz yerinin ona verilməsinə də razılıq verib. Bu təklif gənc azərbaycanlı həkimə işlədiyi institutda kollektivin dərin hörmət və ehtiramının nəticəsi idi. Əlbəttə bu təklifə uroloji klinikanın rəhbəri professor A.Y.Abramyan heç də razı olmadı və ola da bilməzdi.
Respublikaya qayıtmaq üçün nazirliyə müraciət etsə də tələbnamə göndərilmədi. 1954-cü il yanvarın 15-də ordinaturanın vaxtı başa çatdıqdan sonra təyinatı Komi Muxtar Respublikası Sıktıvkar şəhərinə verilmişdi. Çətinliklə də olsa o təyinatını Moskva yaxınlığına, Babuşkin çəhərinə dəyişir. Burada onu çox mehribanlıqla qarşıladılar, hətta yaşayış yeri də verdilər. Təəssüflər olsun ki, burada xəstəxana şəraiti heç bir tələbata uyğun gəlmirdi. Köhnə birmərtəbəli binada yerləşirdi. Buna baxmayaraq 3 ildən artıq orada cərrahi şöbədə işləyir. Müdirlik etməyi təklif etsələr də imtina edir. 10 mart 1958-ci ildə Moskvada 50-ci xəstəxanada təzə açılacaq uroloji şöbəyə müdir təyin olunur. Bu xəstəxana Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun 2-ci cərrahiyyə kafedrasının bazası idi. Klinikanın rəhbəri kök qəfəsi üzrə məhşur cərrah prof. Boris Karniloviç Osipov idi. Elə ilk görüşdə o N.Əfəndiyevə deyir ki, təzə açılacaq şöbə klinikanın nəzdində olduğu üçün 5-ci cərrahiyyə şöbəsi adlanacaq,sən özün də urologiyadan əlavə bütün cərrahi işlərdə iştirak etməli olacaqsan. Bu onun üçün çox əhəmiyyətli təklif idi. Məmnuniyyətlə bu təklifə razılıq verir. Burada öyrənmək üçün yaxşı şərait, xəstələrin geniş müzakirəsi, yüksək səviyyəli cərrahi əməliyyatların icrası və s. kimi çox işlər var idi. Az vaxtda o 30 çarpayılıq şöbə təşkil edir və fəaliyyətə başlayır. Onun əməliyyatlarını axıra salsalar da kursantlar aktiv maraq göstərib kömək edirdilər. Onlar həvəslə bildirirdilər ki, bizə ağciyər əməliyyatlarından əvvəl,belə əməliyyatları öyrənmək daha vacibdir, ağciyər patologiyası olan xəstələri mərkəzi şəhərlərə də göndərmək olar.
Uroloji xəstələrin səhər konfranslarında müzakirəsi daha maraqlı keçirdi. 1 ildən sonra onu kursantlarla məşğələ dərsləri aparmağa cəlb etdilər. Bundan əlavə 3 nəfərdən ibarət cərrah briqadası kimi növbədə də qalırdılar. Cərrah təxirəsalınmaz cərrahiyyədə ucalar sözünü əsas tutaraq çox növbətçilik etməkdən imtina etmirdi. Birinci ilin yayında 1 ay müddətində 15 dəfə növbədə qalmalı olurdu. Bu müddətdə qarın boşluğu üzvlərinin cərrahiyyəsini daha mükəmməl öyrənə bilir. Bu uroloji əməliyyatları icra etmək üçün də vacib idi. Bundan sonra ən mürəkkəb uroloji əməliyatları aparmağa başlayır. Bu müddətdə həm də dissertasiya işini yazıb hazırlayır. Lakin dissertasiya işini yazıb rəhbərlik edən prof. A.Y.Abramyana verərsə də, bir ilə yaxın cavab ala bilmir. Odur ki, B.K.Osipovla razılaşır ki, şöbədə apardığı əməliyyatların da materiallarını ora əlavə edib onu ikinci rəhbər götürsün və dissertasiyanı ona oxumağa təhvil versin. İki gündən sonra B.K.Osipov işi qaytararaq dedi ki, yaxşıdır. İlkin aprobasiyadan keçib apponentlər seçildi. Onlar görkəmli elm xadimləri Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya kafedrasının müdiri prof. A.P.Frumkin və I cərrahiyyə kafedrasının müdiri, prof. B.S.Rozonoz idilər. 1961-ci ilin yanvarın 17-də Tibb Elmləri Akademiyasının Elmi Şurasında “Prostat vəzi adenomasında adenomektomiyaya göstəriş” mövzusunda dissertasiyanı müdafiə edir.
Elə həmin il şöbədə çarpayıların sayı 60-a qədər artırılaraq yeni istifadəyə verilən korpusa köçürülür. Tez-tez xaricdən gələn həkimləri bura gətirib göstərirdilər. Müxtəlif sahələrin tanınmış şəxsləri ,elm adamları , akademiklər də müraciət edərək müalicə olunurdular. Şöbənin ünvanına müsbət rəylər artırdı.
Tibb kitabxanasında N.L.Əfəndiyev Leninqradlı müəllif T.N.Serebryakov böyrək rezeksiyası zamanı qankəsmə üsullarının müqayisəli təsvirinə həsr olunmuş eksperimental işi oxuyur. Müəllif başqa üsullarla qanaxmanı kəsmək mümkün olmadığı üçün N.L.Əfəndiyevin1959-cu ildə “Cərrahiyyə” jurnalında dərc olunmuş böyrəyin rezeksiyası zamanı klinik təcrübədə apardığı fasiləsiz çarpazlaşan 8-vari tikişlərdən istifadə etdiyini həm də , bu tikişin N.L.Əfəndiyevə aid olduğunu təsdiqləmişdir. Böyrəyin bir sıra xəstəliklərində rezeksiya apararaq klinik material toplayır. İşin eksperimental hissəsini aparmağa icazə verilməsi üçün akademiyanın müxbir üzvü prof. B.V.Oqnevə müraciət edir. Onun təklifinə görə təcrübə üçün itləri şəxsi hesabına almalı olur. “Böyrəyin bir sıra xəstəliklərində rezeksiyası” mövzusunda elmlər doktoru elmi adı almaq üçün dissertasiya işini 1969-cu ildə Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi şurasında müdafiə edir. Tədricən müraciət edən nüfuzlu xəstələrin sayı çoxalır. Timiryazev rayonunun baş uroloqu kimi bəzi Elmi Tədqiqat İnstitutlarının çağırışlarına getməli olurdu. Stomatoloji Tibb İnstitutunda dissertasiya müdafiəsi elmi Şurasının üzvü seçilmişdi.
Bu illərdə onu daha çox maraqlandıran respublikamızda urologiyanı inkişaf etdirmək idi. Bu məqsədlə hər il məzuniyyətə gəldikdə, Gəncə,Şəki,Mingəçevir şəhərlərində həkimlərlə görüşür, uroloji əməliyyatların aparılmasını nümayiş etdirirdi. Həkimlərin təcrübəsini artırmaq üçün Moskvaya rəhbərlik etdiyi şöbəyə dəvət edirdi. Bunlar Gəncədən R.Həsənov, Şəkidən V.Səlimov, Mingəçevirdən M.Hacıyev və digərləri idi. Şöbəni Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya kafedrasının filialı etmək planı kafedranın rəhbəri prof.A.P.Frumkinin vaxtsız vəfatından sonra baş tutmadı.onun yerinə gələn prof. İ.P.Paqorelko da 1 il içərisində vəfat etdi. Zaporojedən dəvət olunmuş prof. V.Y. Karpuxin ancaq bir seçki müddətində işləyə bildi və N.L.Əfəndiyevə təklif olunan ikinci professor yerini ləğv etdi. Müdir prof. V.S.Rıbınski seçildi.N.L.Əfəndiyevin müsabiqədə iştirakına mənasızdır cavabı verilir. Bir qədər sonra Stomatoloji institutda yeni aşılacaq urologiya kafedrasına müdirlik yerini tutmaq üçün müsabiqə elan edilsə də B.V. Oqnevin tələbinə əsasən o iştirak etmək üçün verdiyi sənədləri geri götürməli olur.
Bunların hamısından vacib Bakıya qayıdıb urologiyanı inkişaf etdirmək idi. Bir də axı Nurəli müəllim daim vətən, millət eşqi ilə yaşayırdı. Hər il Bakıya məzuniyyətə gələndə nazirliyə baş çəkib urologiya kafedrasının açılması ilə maraqlanırdı. Ancaq bilirdi ki, respublikalarda iş Moskvanın planı əsasında gedir və o cümlədən hər kafedranın açılışı institutun hansı kateqoriyalı olmasından asılıdır. Elə ona görə bizim tibb institutunda uzun müddət urologiya kafedrası açmaq mümkün olmamışdı. Burada tədris dosentlik kursu səviyyəsində nəzərdə tutulub.1974-cü ildə Bakıda Səhiyyə Nazirliyindən müsbət nəticə ala bilmir. Ancaq Moskvaya qayıdan kimi öyrənir ki, əhaliyə tibbi yardımı yaxşılaşdırmaq üçün nazir B.V.Petrovskinin 50№ li əmri var. Bu əmrə əsasən göstəriş veilir ki, bütün 1,2 kateqoriyalı tibb institutlarında urologiya kafedrası açılsın. Əgər rəhbərlik bu işi yerli kaderlar gücünə təmin edə bilməsə başqa mərkəzi şəhərlərdən kadrlar dəvət olunsun. Bu əmrə əsasən respublikamızın rəhbəri H.Əliyevə məktub yazır. Bu məktubda göstərir ki, əgər lazım olsa mən respublikaya qayıtmağa hazıram. Az vaxt keçmiş xasiyyətnamə tələb edərək onu Bakıya görüşə çağırdılar. 1975-ci ilin 24 martında Nazirlər Sovetində görüşdən sonra Səhiyyə Naziri H.Abdullayevə tapşırıq verildi ki, təcili elə bu gündən Azərbaycan Tibb İnstitutunda urologiya kafedrası açılması haqda əmr verilsin. N.L.Əfəndiyev, seçilənə qədər kafedraya müdir təyin olunsun. Bu xəbər Moskvada birmənalı qarşılanmadı. Təəcübləndilər ki, nəyə görə o 17 il bir yerdə işlədiyi kollektivdən ayrılıb gedir. Əlbəttə onları başa salmaq çətin idi ki, şöbə müdiri olmaq üçün heç bir elmi dərəcə lazım deyil. Elmi dərəcə institutlarda işləmək üçündür. Ağır olsa da xəstəxana kollektivi ilə görüşüb xudafizləşir. Bakıya qayıdıb kafedraya klinik baza kimi verilmiş M.Ə.Mirqasımov adına xəstəxananın uroloji şöbəsinə gedib həkimlər ilə xəstəxananın baş həkimi Həbib Əliyevlə tanış olur. Sonra instituta gedir. Rektor yüksək mədəniyyətli,hörmətli prof. Zəhra xanım Əliyeva idi. Məsləhətləşmə zamanı məlum oldu ki, kafedranın dörd minə yaxın tədris saatı var. Dörd nəfərdən ibarət əməkdaş verilmişdir ki, onlardan üç nəfəri akademik M.Topçubaşovun kafedrasından idilər: dosent R.Salayev , assistentlər D.Şəfiyeva və F. Axundov idi. Bir dossent Rauf Şahbazov başqa cərrahi kafedradan idi.
Dilşad xanım Şəfiyeva institut zamanı Nurəli müəllimə dərs də demişdi. Dossentlərin hər ikisi ilə birlikdə oxumuşdu. F.Axundov anestezioloq işləmişdi. Dərs demək təcrübələri var idi. Səhəri günü işə çıxaraq , həkimlərlə söhbət apardı. Çox işlər görmək lazım idi.
Qayda-qanun, etika və deontologiya qaydalarına əməl etmə, mədəniyyət haqda, sakitliyə və təmizliyə riayət etmək və s. şəkildə üzləşdiyi hər hansı çatışmazlığı aradan qaldırmaq üçün daim məsləhətlər verirdi. Tədricən kafedra əməkdaşlarının iştirakı ilə lazım olan təşkilatı işləri görüb sənədləri qaydaya saldılar. Az vaxtda tələbələrin rəğbətini qazana bilirlər.
Kafedranın klinik bazasını genişləndirmək üçün Xəzər Hövzə Gəmiçilik xəstəxanasının uroloji şöbəsində filial verilir. Ümumilikdə baza çox zəif idi. Bütün tədris sənədləri və işləri öz qaydasına düşmüşdü. Kafedraya assistent yerinə t.e.n. Akif Rzayev qəbul olundu.
Baş laborant isə Fəxrəddin Cavadov keçdi. Bir il yarımdan sonra t.e.d. S.B.İmamverdiyev kafedraya dosent əvəzedicisi kimi təyin edildi. Bunlar kafedranın işinə təkan verdi. Əla diplomla qurtaran Akif Bağırovu kafedraya baş laborant təyin etdilər. Aspirantuya ayrılmış yerə C.Ağakişiyev keçə bildi. İlk dəfə kafedra açılarkən iştirak edən əməkdaşların hamısı tədricən vəfat etdilər. Onların yerini gənclər tuta bildi.
Prof. N.L.Əfəndiyev 15 il kafedraya müdirlik etdikdən sonra yaşına görə növbəti müsabiqədə iştirak etmədi və 1990-cı ilin avqustun 27-dən kafedraya professor təyin olundu. N.L.Əfəndiyev ömrünü urologiyanın inkişafına sərf edən ən qocaman uroloqdur. Onun rəhbərliyi altında 4 elmlər namizədi,(F.Cavadov,A.Bağırov,İ. İsrailov,C.Ağakişiyev) 1 nəfər elmlər doktoru (A.Rzayev) hazırlanıb Respublikamızda ilk dəfə olaraq böyrəyin rezeksiyası,böyrəyin ön yan peritondan xaric kəsiyinin aparılması,sidik kisəsinin bir hissəsinin nazik bağırsaqla əvəz olunması ( ilosistoplastika) və bir sıra cərrahi əməliyyatlar onun adı ilə bağlıdır. 130-dan artıq elmi işin, böyrək rezeksiyası adlı monqrafiyanın,10-dan çox icra və səmərələşdirici təklifin müəllifidir. Onun xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. “ Şanlı əməyə görə”, “Tərəqqi ” medalları, fəxri fərmanlarla təltif olunub, əmək veteranıdır.
Professor N.L.Əfəndiyev 25.08.2011-ci ildə vəfat edib. Allah rəhmət eləsin. O Azərbaycan xalqının xatirəsində böyük bir şəxsiyyət kimi yaşayır.