Tamerlan Əziz oğlu Əliyev

(3 oktyabr 1921ŞahtaxtıNaxçıvan MSSR – 7 aprel 1997Bakı) — Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor

Tamerlan Əliyev 3 oktyabr 1921-ci ildə Naxçıvanın bölgəsinin Şahtaxtı kəndində anadan olmuşdur. Onun dünyaya gəlməsindən 3 il əvvəl – 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular.

T.Əliyevin atası – gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1923-cü ilin may ayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə onun 2 yaşının tamamına az qalırdı. Həmin dövrdə Sankt-Peterburq Tibb Akademiyasının II kurs tələbəsi olan Əziz Əliyev köçkünlük nəticəsində yarımçıq qalmış ali tibb təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı.

Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdir. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. Orta təhsilini əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilmiş, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.

Stalin təqaüdçüsü olan Tamerlan Əliyev eyni zamanda təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rast gəlinən yüksək təltifə – Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür.

Tibbi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Müharibə illərində Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil müddəti 4 ilə qədər azaldıldığına görə Tamerlan Əliyev artıq 1944-cü ildə institutu bitirmiş və əmək fəaliyyətinə başlamışdı. Lakin o, hələ 1943-cü ilin sentyabrında sonuncu kursda oxuyarkən artıq Bakı şəhərindəki Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda epidemioloq vəzifəsini yerinə yetirmiş, 1944-cü ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun mikrobiologiya kafedrasında assistent kimi fəaliyyət göstərmişdir. Gənc məzun 1945-ci ildən etibarən Azərbaycan Dövlət Tibb İnstitutunun fakültativ terapiya – Azərbaycan Tibb Universitetinin indiki II müalicə – profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasında əvvəlcə kliniki ordinator, sonra isə assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmış və onun bütün sonrakı fəaliyyəti Azərbaycan Tibb Universiteti ilə bağlı olmuşdur.

Professor T.Əliyev pedaqoji, müalicəvi, təşkilati fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat işlərinə də böyük əmək sərf etmişdir. O, XX əsrin 50-ci illərinin əvvəllərində Azərbaycan kurort amillərinin, o cümlədən İstisu və Darıdağ sularının, Naftalan neftinin insan və heyvan orqanizminə təsir mexanizmlərinin öyrənilməsi ilə məşğul olmuş, 1954-cü ildə “Heyvan orqanizminin immun reaktivliyinin Naftalan neftinin təsiri altında dəyişməsinin xarakteristikası” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri olan Tamerlan Əliyev endokrinologiya sahəsinin inkişafı yolunda göstərdiyi əvəzsiz xidmətləri ölkəmizin hüdudlarından kənarda da qiymətləndirilirdi və görkəmli alimə geniş nüfuz qazandırırdı. Azərbaycan alim əldə etdiyi mükəmməl elmi nailiyyətlərinə görə vaxtilə keçmiş SSRİ-də Ümumittifaq Endokrinoloqlar, Kardioloqlar və Nefroloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü seçilmişdir.

Professor T.Əliyevin 1983-cü ildə Ümumittifaq Endokrinoloqlar Cəmiyyətinin səyyar elmi sessiyasının Bakıda keçirilməsinə nail olması Azərbaycan səhiyyəsində böyük tarixi hadisəyə çevrilmişdi. Görkəmli alim uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş terapevti, Bakı şəhər Səhiyyə İdarəsinin baş endokrinoloqu, ictimai əsaslarla ATİ-nin elmi işlər üzrə prorektoru və s. vəzifələri yerinə yetirmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin məsləhətçisi, Respublika Hərbi Çağırış Komissiyasının və “Azərbaycan Tibb Jurnalı”nın redaksiya heyətinin üzvü olmuşdur. O, həmçinin Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən terapiya ixtisası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri vəzifəsində çalışmış, bu sahə üzrə gənc elmi kadrların yetişməsinə, bacarıqlı, savadlı alimlər ordusu sıralarının artmasına rəhbərlik etmişdir.

Tamerlan Əliyevin elmi məsləhətçiliyi və rəhbərliyi altında 5 doktorluq və 25 namizədlik dissertasiyası yerinə yetirilmişdir.

Professor T.Əliyev 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanındərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin və səmərələşdirici təklifixtiraların, həmçinin çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olmuşdur.

Tamerlan Əliyevin müəllifi olduğu “Klinik-diaqnostik laborator tədqiqat üsulları” (1974), “Şəkərli diabet haqqında ətraflı məlumat” (1977), “Biokimyəvi tədqiqat üsulları” (1979), “Şəkərli diabet” (1979), “Prediabet” (1982), “Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstəliyi” (1983), “Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi” (1985), “Endokrinologiya” (1993) və s. bu kimi əsərlər indi də öz aktuallığını saxlayır. Alimin uzun illərin təcrübəsi sayəsində əldə etdiyi praktik vərdişlər və nəzəri biliklər əsasında qələmə aldığı “Endokrinologiya” adlı dərslik bu sahə üzrə Azərbaycan dilində yazılmış ilk irihəcmli, genişəhatəli nəşrdir. Alim həmçinin A.V.Sumarokov və A.A.Mixaylovun “EKQ üzrə vəsait” adlı kitabını rus dilindən Azərbaycan dilinə çevirmişdir.

Professor T.Əliyevin “Klinik-diaqnostik laborator tədqiqat üsulları” adlı monoqrafiyası SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə təqdim edilmiş və sərginin qızıl medalına layiq görülmüşdür. Bu monoqrafiya Azərbaycan SSR Dövlət Mükafatı ilə təltif edilmişdir.

Tamerlan Əliyev Amerika Birləşmiş ŞtatlarıFransaBöyük BritaniyaAlmaniyaKanadaİsveçrəFinlandiya və başqa xarici ölkələrdə keçirilmiş elmi toplantılarda dəfələrlə novator məruzələrlə çıxış etmişdir.

Tamerlan Əliyev 7 aprel 1997-ci ildə dünyasını dəyişmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

Görkəmli alim 1981-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, müxtəlif illərdə “Şərəf nişanı” və “Oktyabr İnqilabı” ordenlərinə, “Azərbaycan SSR Dövlət Mükafatı” laureatı adına, SSRİ Xalq Təssərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına, “Səhiyyə əlaçısı” döş nişanına, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına və digər təltiflərə layiq görülmüş, sanballı elmi-metodiki işlərinin dəyərli nəticələrinin müqabilində dəfələrlə SSRİ İxtiralar və Kəşflər üzrə Dövlət Komitəsinin sertifikatlarını almışdır.

ƏLAQƏ

Ünvan:

Nəcəfqulu Rəfiyev küçəsi, 56 АZ1025

Telefon:

(012) 490-13-73

Email: tm@esehhiye.az

İş saatları:

Muzey:  09:00 – 18:00

Ekskursiya: 10:00 – 16:00

BİZİ İZLƏYİN

Bazar və şənbə günü  istisna olmaqla Muzey hər gün fəaliyyət göstərir