Umnisə Musabəyova
Orta təhsilini Bakıda böyük xeyriyyəçi H.Z.Tağıyevin maliyyə dəstəyi ilə 1901-ci ilin oktyabrında açılmış Aleksandra rus-müsəlman qız məktəbində (müsəlman şərqində ilk dünyəvi qız məktəbi) aldıqdan sonra 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. IV kursda oxuyarkən həm də Mikrobiologiya və gigiena institutunda laboratoriyada işləyir. Burada onun elmi-tədqiqat işinə marağı özünü büruzə verir. 1926-cı ildə ali təhsilini başa vurmuş Ümnisə Musabəyova bacarıqlı gənc mütəxəssis kimi Universitetin göz xəstəlikləri kafedrasında saxlanılır, əvvəl ordinator, 1930-cu ildən assistent işləyir.
Ali təhsildəki uğurları gənc həkimdə göz xəstəliklərinin müxtəlif problemlərini öyrənmək, bu sahədə elmə yeni əlavələr etmək həvəsini artırır. Bu məqsədlə gündüzlər vaxtını Mərkəzi göz klinikasında, məşğələ otaqlarında, gecələr yazı masası arxasında keçirir. Tezliklə Ümnisə xanımın göz xəstəliklərinin mühüm problemlərindən bəhs edən sanballı məqalələri mətbuat səhifələrinə yol açır, xarici ölkələrin tibb jurnallarında onun dəyərli elmi mülahizələri maraq doğurur, fövqəladə istedadı alimlərin diqqətini cəlb edir.
Göz xəstəlikləri kafedrasının müdiri (1923-1945), əməkdar elm xadimi, professor A.Q.Trubin 1929-cu ildə bir təqdimatda onun haqqında yazmışdı: “Musabəyova klinikada işlədiyi müddətdə özünü bacarıqlı tibb işçisi kimi göstərməklə, təcrübi və nəzəri oftalmologiyanı mənimsəməkdə böyük istedada malik olduğunu büruzə vermişdir. Həkim Musabəyova klinikadakı təcrübikliniki tədqiqatları ilə artıq qiymətli nəticələrə gəlmişdir”.
Azərbcan Dövlət Universitetinin açıldığı 1919-cu ildən fəaliyyət göstərən Tibb fakültəsi 1930-cu ildən sərbəst instituta çevrilir, lakin dərslər 1932-ci ilədək yalnız rus dilində aparılırdı. Dərslərin Azərbaycan dilində aparılması labüd idi. 1932-ci ildən etibarən yuxarı kurslarda göz xəstəlikləri üzrə mühazirələri Azərbaycan dilində Azərbaycan Tibb İnstitutunun dosenti kimi Ümnisə Musabəyova oxumağa başladı. O, elmi materialları yüksək səviyyədə, eyni zamanda sadə və anlaşılan dildə təqdim edərək, öz mükəmməl pedaqoji bacarığını nümayiş etdirdi. Bu dövlət əhəmiyyətli tədbir oftalmologiya sahəsində milli kadrların yetişməsi üçün yol açır, latın-rus-Azərbaycan tibb terminologiyasının, eləcə də Azərbaycan dilində dərsliklərin yazılmasına şərait yaradırdı. 1934-cü ildə Ü.Musabəyova oftalmologiya üzrə terminologiya lüğəti tərtib edir, 1935-ci ildə isə tədqiqatlarında əsas yer tutan görmə sinirlərinin xəstəlikləri və gözün fiziologiyasından bəhs edən 20 çap vərəqi həcmində Azərbaycan dilində ilk “Göz xəstəlikləri” dərsliyini yazır. 1935-ci ildə Azərbaycan Xalq Səhiyyə Komissarı Möhsüm Qədirlinin əmri ilə Ümnisə Musabəyovaya tibb elmləri namizədi alimlik dərəcəsi verilir. Təxminən 4 ay sonra o, Azərbaycan Tibb İnstitutunda “Büllurun qazanılmış çıxıntısının patologiyasına dair” mövzusunda doktorluq dissertasiyası müdafiə edir və 1936-cı ildə Tibb elmləri doktoru adını alır.
O,respublikada oftalmologiya üzrə gənc kadrlar yetişdirmək, diaqnostikaya, müalicə və profilaktikaya aid metodik vəsait yaratmaq kimi vəzifələrin öhdəsindən bacarıqla gələrək, 1943-cü ildə professor adına layiq görülür.
Böyük Vətən müharibəsi illərində İnstitutda, Mərkəzi göz klinikasında işlərinin çox olmasına baxmayaraq, həm də Bakıdakı Əsəb-cərrahiyyə hospitalında məsləhətçi kimi fəaliyyət göstərən alim öz qüvvəsini müharibənin törətdiyi fəlakətlərə qarşı mübarizəyə həsr edir. Həmin illərdə Ümnisə Musabəyovanın “Kəllənin güllə ilə yaralanması nəticəsində göz dibində əmələ gələn dəyişiklik və görmə dairəsinin pozulması” (Bakı, 1943), “Kəllənin güllə ilə yaralanması zamanı göz əzələlərinin iflici” (Bakı, 1944) və s. qiymətli tədqiqat əsərləri yaranır.
Müharibədən sonrakı illərdə də alimi ciddi elmi axtarışlar –traxoma ilə mübarizə, qlaukomanın klinikası və müalicəsi, malyariya, sifilis, hipertonik xəstəliklər və hamiləlik patologiyası zamanı görmə üzvlərinin zədələnməsini aradan qaldırmaqvə s. düşündürmüşdür. Bakı şəhərinin iki doğum evində (1 saylı─keçmiş Əzizbəyov adına və 5 saylı ─hazırki Şamama Ələsgərova adına) illərlə apardığı konsultativ işin nəticəsində topladığı materiallar əsasında Ü.Musabəyovanın 1956-cı ildə 178 səhifəlik «Заболевание глаз при патологии беременности» (Баку, 1956) kitabı ərsəyə gəlir. 1957-ci ildə ona Əməkdar elm xadimi adı verilir. Ümnisə Musabəyova 1945-ci ildən ömrünün sonuna kimi Azərbaycan Tibb İnstitutunun (1957-ci il aprelin 29-dan N.Nərimanov adına — R.S.) Göz xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır. O, Y.K.Varşavski (1922), K.X.Orlov (1922-1923) və A.Q.Trubindən (1923-1945) sonra Göz xəstəlikləri kafedrasına rəhbərlik edən ilk azərbaycanlı alimdir.
Ü.Musabəyova anadangəlmə kor uşaqların gözlərini ilk dəfə cərrahiyyə yolu ilə açan Azərbaycan alimidir. O vaxtlar Sovet ittifaqının ən tanınmış oftalmologiya mərkəzi sayılan Odessanın həkimləri Azərbaycan aliminin praktikasına üstünlük verdiyindən, belə cərrahi əməliyyatlar üçün Ü.Musabəyovanı dəfələrlə öz klinikalarına dəvət edirdilər. Eyni zamanda bu məqsədlə onun yanına nəinki İttifaqın hər yerindən, hətta xaricdən də xəstələr gəlirdi. Ü.Musabəyova deyirdi: “Həkimlik, ümumiyyətlə çox gözəl, xeyirxah peşədir. Ancaq tibb elmlərində ən xeyirxah oftalmologiya elmidir”.Professor Ü.Musabəyova gənc həkimlərin yetişdirilməsinə xüsusi qayğı göstərirdi. Alim öyrənməyi beynin qidası hesab edir, cavanları həmişə öyrənməyə çağırırdı. Onun üçün savadlı tələbə gələcəyin aynası, sabahın dahi şəxsiyyəti demək idi. Həmin fikir Parisdə keçirilən II Ümumdünya Deontoloji konqresdə (1967-ci il) Hippokrat andına bir cümlə ilə əlavə olunmuşdu: “And içirəm ki, ömrüm boyu öyrənəcəyəm”. 1957-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, əməkdar elm xadimi adına layiq görülmüşdür. 1945-ci ildən ömrünün sonunadək indiki Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasina başçılıq etmişdir. Elmi tədqiqatları, əsasən, traxoma, qlaukoma xəstəliklərinə, görmə sinirinin patologiyasına həsr edilmişdir. O bir sıra illərdə müxtəlif dünya səviyəsində olan toplantı və konqreslərdə iştirak etmişdir, geniş ictimai faliyyətlə məşğul olmuşdur. Milyonların etimadını qazanmış şöhrətli göz cərrahı Ü.Musabəyovanın xidmətləri xalqımız və hökumətimiz tərəfindən vaxtında qiymətləndirilmişdir.
1958-ci ildə Brüsseldə keçirirlən Ümumdünya oftalmoloqlar konqresinin iştirakçısı, Sovet Sülhü Müdafiə Komitəsinin (1955-1974), Sovet Qadınları Komitəsinin (1963-1974) üzvü, Azərbaycan Oftalmaloqlar Cəmiyyətinin sədri (1957-1974) olmuşdur. 1959-cu ildə Ümumdünya Sülh Şurasının Fəxri fərmanı ilə təltif olunur. SSRİ Ali Sovetinə (5-6-cı çağırış), Azərbaycan SSR Ali Sovetinə (4-cü çağırış) deputat seçilmişdir.
1960-cı ildə Ü.Musabəyovanın “Sovet hakimiyyəti illərində Azərbaycanda oftalmologiyanın nailiyyətləri” kitabı işıq üzü görür.1961-ci ildə Yaponiyada çağırılmış Nüvə silahının qadağan edilməsi və Xirosima və Tokioda tərksilaha hazırlıq uğrunda VII Beynəlxalq konfransda iştirak edən Ü.Musabəyova çıxışını ingilis dilində qürurla söylədiyi bu sözlərlə başlamışdı: “Mən gündoğan ölkəyə qonaq gəlmişəm. Bilirsinizmi haradan? Dünyanın gündoğan ölkəsindən, odlar diyarı Azərbaycandan gəlmişəm”.
1962-ci ildə “Визит к американцам. Баку, 1962” (Amerikalılara qonaq) kitabı yazılmışdır. 1970-ci ildə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan sənədli,qısametrajlı bioqrafik “Ümnisə xanım” filmi (ssenari müəllifi V.Sinitsin, operatoru Ə.Ələkbərovdur) çəkilmişdir.[2]
1973-cü ildə «На Афро-азиатских офтальмологических конгрессах» kitabları nəşr olunmuşdur.Vəfatından 3 il sonra, 1977-ci ildə Ü.Musabəyovanın illər sərf etdiyi “Refraksiya, akkomodasiya və optik şüşələrin təyini” Bakı,1977 (R.M.Axundova ilə birlikdə) kitabı işıq üzü gördü.Şöhrəti alim Ü.Musabəyova ölkə sərhədlərindən xeyli kənara çıxmış 1970-ci illərdə xaricdə, o cümlədən Amerika, İngiltərə, Yaponiya, Fransa, Türkiyə və bir sıra ərəb ölkələrində ən çox əsəri çap olunmuş yeganə azərbaycanlı oftalmoloq olmuşdur.
Lenin ordeni və medallarla təltif edilmişdi.