Xudadat bəy Rəfibəyli

O, peşəkar cərrah, həm də olduqca savadlı can həkimi – terapevt idi.
Onu həmin dövrdə digər həkimlərdən fərqləndirən önəmli bir insani xüsusiyyəti də vardı. Bu da Xudadat bəyin heç vaxt əhalinin kasıb təbəqəsindən olan xəstələrindən pul almaması idi. Bəzən elə olurdu ki, yanına müalicəyə gələn xəstənin dərman alması üçün pulu olmurdu. Belə hallarda Xudadat bəy xəstənin cibinə pul qoyur, ona müalicəsini davam etdirə bilməsi üçün maddı yardım göstərməkdə davam edirdi.

O, Azərbaycanın milli istiqlal mübarizəsi tarixində şanlı iz qoyub, müdrikliyi, insanpərvərliyi ilə tanınıb, həyatının sonuna kimi mənsub olduğu millətinin səadəti uğrunda çalışıb. Bu yolda üzləşdiyi təqiblər, həbslər, sürgünlər onu qorxuda və yolundan döndərə bilməyib. Onu yaxından tanıyanlardan birinin də dediyi kimi, o, həyatı boyu haqqı nahaqqa qurban vermədi, ən çətin məqamlarda belə, təmkinini itirmədi və müdrik bir insan kimi hamının sevimlisinə çevrildi. O, həkim idi və xəstələri necə müalicə etməyi yaxşı bildiyi kimi, çürüməkdə olan imperiyanın da dağılmasına və məhv olmasına gətirib çıxaran səbəbləri və bunun Azərbaycanın müstəqilliyini əldə etməsinə gətirib çıxaracağını öncədən müəyyən etmişdi. O, XX əsrin əvvəllərində yetişən inqilabi, milli azadlıq məfkurəsi üzərində köklənən vətənpərvər ziyalılar nəslinə mənsub idi. Onun üçün bir müqəddəs amal vardı: Azərbaycanın boğazına dolanan imperiya zəncirinin qırılıb atılması və mənsub olduğu millətinin azadlığına qovuşması, müstəqilliyini əldə etməsi.

Onun Turan bayrağını yenidən tarixi türk torpaqları üzərində dalğalandıracağına sonsuz inamı var idi… O bu müqəddəs amal yolunda da canından keçərək, əbədiyyətə qovuşdu. Bu böyük insan Azərbaycanın milli azadlıq mücadiləsi fədailərindən biri olan alovlu mübariz və vətənpərvər Xudadat Ələkbər oğlu Rəfibəyli idi.

Xudadat bəy doğma vətən üçün darıxırdı və ona görə də Xarkovu tərk edərək, Azərbaycana qayıtdı. Sonra Xudadat bəy doğma Gəncədə həkimliklə məşğul olmağa başladı. Onu 6 saylı Gəncə (Yelizavetpol) şəhər xəstəxanasına baş həkim təyin etdilər. Həmin dövrdə Gəncə Azərbaycanın Qərb bölgəsinin qeyri-rəsmi paytaxtı hesab edilirdi. Belə ki, Bakı uzaq olduğundan xəstələrin çox hissəsi Gəncəyə üz tuturdu. Azərbaycanın hər yerində olduğu kimi, Gəncədə həkim çatışmırdı. Belə bir vəziyyətdə Xudadat bəyin üzərinə böyük və ağır bir iş düşmüşdü. Xəstələrin çox olması ucbatından o, gecə-gündüz xəstəxanada olur, bəzən evə getməyə belə vaxt tapa bilmirdi. Amma o heç vaxt yoruldum demir, xəstəxanaya müalicəyə gələnlərin heç birini naümid yola salmırdı. O, peşəkar cərrah, həm də olduqca savadlı can həkimi – terapevt idi. İşini həddindən çox sevirdi. Onu həmin dövrdə digər həkimlərdən fərqləndirən önəmli bir insani xüsusiyyəti də vardı. Bu da Xudadat bəyin heç vaxt əhalinin kasıb təbəqəsindən olan xəstələrindən pul almaması idi. Bəzən elə olurdu ki, yanına müalicəyə gələn xəstənin dərman alması üçün pulu olmurdu. Belə hallarda Xudadat bəy xəstənin cibinə pul qoyur, ona müalicəsini davam etdirə bilməsi üçün maddı yardım göstərirdi. Ona görə də qısa müddətdə Xudadat bəy nəinki Gəncəbasarda, həm də Azərbaycanın hər yerində məşhurlaşdı. İnsanlar onun yanına axın edərək, dərdlərinə əlac istəyirdilər. Hətta iş o yerə gəlib çatmışdı ki, nəinki xəstə adamlar, həm də hökumətdən narazı olanlar Xudadat bəyin yanına gələrək ona şikayət edir və problemlərinin həllində ondan yardım istəyirdilər. Belə bir vəziyyətdə Xudadat bəy həkimlikdən əlavə, ictimai işlərlə də məşğul olur, məmur özbaşınalığından əziyyət çəkən insanların şikayətlərini yuxarı orqanlara çatdırırdı. Əksər hallarda da özünün xalq arasında olan nüfuzundan istifadə edərək, şikayətlərin həllinə nail olurdu. Bir sözlə, Xudadat bəy Gəncəyə gəldikdən bir neçə il sonra həm həkim, həm də ictimai xadim kimi xalq arasında böyük hörmət və nüfuz qazana bilmişdi. Gecə-gündüz yorulmaq bilmədən çalışmasına baxmayaraq, Xudadat bəy o dövrdə çıxan müxtəlif qəzet və jurnallarda milli, mənəvi problemlərimizə həsr olunan məqalələrlə də çıxış edirdi. Bu məqalələrdə vətən sevgisi, vətənpərvərlik yanğısı olduqca güclü şəkildə özünü göstərməkdə idi.

Onun həmin dövrdə yazdığı elmi-publisist məqalələrinin bir qismi tariximizə, bir qismi səhiyyəmizə, digər qismi isə incəsənət və milli problemlərimizə həsr edilmişdi. Bu elmi-publisist yazılar daha çox əhalimizin maarifləndirilməsinə, onlarda milli vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə, şanlı tarximizdən ibrət götürməyə xidmət edirdi.

I Dünya müharibəsi ərəfəsində, 1914-cü ildə Xudadat bəy tanınmış ictimai xadim Həsənbəy Ağayevlə birlikdə Gəncə Tibb Cəmiyyətini təsis etdi və onun ilk sədri də özü oldu. Bu cəmiyyətin əsas vəzifəsi kasıb adamlara pulsuz tibbi yardım göstərmək, aclıq və xəstəlikdən əziyyət çəkən yüzlərlə insanın həyatını xilas etmək idi. Gəncə Tibb Cəmiyyəti, xüsusilə xəstə kasıb uşaqlarının müalicəsini diqqət mərkəzində saxlayır, hər il onların müalicəsinə xeyli vəsait xərcləyirdi. Cəmiyyət bununla kifayətlənməyərək xüsusi istedadı olan kasıb uşaqlarının təhsil almasına da maddi yardım göstərir və onları təqaüdlə təmin edirdi.

Yeri gəlmişkən, Gəncə Tibb Cəmiyyətinin fəaliyyəti ilə bağlı bu günədək az araşdırılmış və nə üçünsə diqqət mərkəzindən kənarda qalan bir mühüm faktı da qeyd etmək istəyirik. Bu da I Dünya müharibəsi dövründə Rusiyanın işğalçılıq siyasəti və ermənilərin Anadoluda həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində yurd-yuvalarından didərgin düşən minlərlə insana Gəncə Tibb Cəmiyyəti tərəfindən göstərilən humanitar yardım idi. Əsasən tibbi ləvazimatdan, o cümlədən dərman preparatlarından ibarət olan bu tibbi yardım Anadoluda erməni və rus vəhşiliyi nəticəsində ölümə məhkum minlərlə insanın xilas edilməsində mühüm rol oynayıb.1918-ci ilin dekabrında Xoyskinin hökuməti istefa verdi və Xudadat bəy bundan sonra ölkənin səhiyyə və sosial təminat naziri vəzifəsini tərk edərək, yenidən Gəncəyə qayıtdı.

Onun Gəncəyə qayıtması isə xalq arasında böyük sevinclə qarşılandı. Gəncə və Gəncəbasar camaatı yaxından tanıdıqları və böyük hörmət bəslədikləri Xudadat bəyi daha yuxarı vəzifələrdə görmək istəyir, ona yerli əhalinin problemlərini xilas edəcək, bölgədə özbaşınalığa son qoyacaq bir dövlət xadimi kimi baxırdılar.

I Dünya müharibəsi illərində Gəncə Tibb Cəmiyyəti Anadoluya tibbi-humanitar yardım göstərməkdə davam etdi. Bəzi məlumatlara görə, cəmiyyətin üzvləri arasında həkim kimi könüllü şəkildə Anadoluya, Osmanlı ordusunda yaralananlara tibbi xidmət göstərməyə gedən insanlar olub. Yenə də təəssüflər olsun ki, bu məsələ indiyə qədər lazımi səviyyədə araşdırılaraq həmin dövrdə Gəncə Tibb Cəmiyyətindən Anadoluya yardıma gedənlərin kimliyi müəyyənləşdirilməyib.

Həmin dövrdə Xudadat bəy I Dünya müharibəsində çarizmin ağır məğlubiyyətə uğramasından və ölkənin hər yerində gərgin vəziyyət yaranmasından xəbərdar idi. Ona görə də o öz nüfuzundan istifadə edərək, Gəncə və Gəncəbasar zonasında əhali arasında milli azadlıq mücadiləsi ideyasını təbliğ edir, Azərbaycanın gələcəyinin öz müstəqilliyini əldə etməsindən asılı olacağını dönə-dönə vurğulayırdı. Əhalini milli azadlıq mücadiləsinə hazırlamaq məqsədi ilə Xudadat bəy ətrafına bir qrup vətənpərvəri yığmış və onlar vasitəsilə xalqı milli azadlıq mücadiləsinə hazırlayırdı. 1917-ci ilin noyabr ayında Bakıda daşnak Şaumyanın başçılıq etdiyi bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan sonra daşnaklar Azərbaycanın hər yerində müsəlmanların qətlinə hazırlıq görməyə başladılar. Xudadat bəy Rəfibəyli hadisələrin təhlükəli istiqamətdə inkişaf etdiyini və bolşevik-daşnak quldur dəstələrinin kütləvi şəkildə müsəlman-türk qətliamına hazırlaşdığını dərhal anlamış və buna yol verməmək üçün Gəncə və Gəncəbasar zonasında əhalinin silahlandırılması üçün müəyyən işlər görmüşdü. O, kəndlərə öz adamlarını göndərərək, onlara gözlənilən bolşevik- daşnak hücumuna hazır olmaları və bu məqsədlə silahlı dəstələr yaradılması barədə tövsiyələr vermişdi. 1918-ci ilin mart ayının sonlarında bolşevik cildinə girmiş daşnaklar tərəfindən Bakıda, Şamaxıda, Qubada, Salyanda və digər yerlərdə həyata keçirilən qanlı qətliamlar Gəncədə də özünəməxsus şəkildə əks-səda vermişdi. Amma məhz Xudadat bəy və digərlərinin səyləri nəticəsində daşnaklar Bakıda törətdikləri qətliamları Gəncədə təkrar edə bilmədilər.

Həmin dövrdə digər uzaqgörən siyasi xadimlər kimi, Xudadat bəy Rəfibəyli də Azərbaycanın xilas yolunun qardaş Türkiyə ilə müttəfiqlikdən keçdiyini bilirdi və ona görə də erməni daşnaklarına və onlarla birgə hərəkət edən bolşevik quldur dəstələrinə qarşı qardaş ölkənin yardımına böyük imid bəsləyirdi. 1918-ci il, may ayının 28-də Tiflisdə Azərbaycanın müstəqilliyinin elan edilməsi Xudadat bəy tərəfindən də böyük sevinclə qarşılanmışdı. O, dərhal göstəriş gözləmədən müstəqilliyimizin möhkəmləndirilməsi və hərbi tibbi kadrlarının təşkili ilə bağlı bəzi işləri həyata keçirməyə başladı. Xudadat bəyin ən böyük xidmətlərindən biri də qardaş Azərbaycanın yardımına gələn Qafqaz İslam Ordusunun əsgərlərinə və döyüşlərdə yaralananlara xidmət göstərilməsi üçün tanıdığı tibbi kadrlardan ibarət xüsusi qruplar təşkil edərək, orduya səfərbər etməsi oldu. Həmin dövrdə o özü də dəfələrlə Qafqaz İslam Ordusundakı tibbi xidmət qrupunun tərkibində olmuş, döyüşlərdə yaralanan qəhrəman əsgərlərin həyatlarının xilas edilməsində əvəzsiz xidmətlər göstərmişdi. Azərbaycanda Şərqdə ilk demokratik cümhuriyyət qurulduqdan sonra Xudadat bəy Rəfibəylinin uzun illər millət və xalq qarşısında göstərdiyi xidmətlər nəzərə alındı. Onu Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə və sosial təminat naziri vəzifəsinə təyin etdilər. Bu vəzifədə o, ölkəmizdə yeni səhiyyə ocaqlarının yaradılmasında, həmin dövrdə tüğyan edən yoluxucu xəstəliklərin aradan qaldırılmasında böyük əmək sərf etdi.

Bundan əlavə, Xudadat bəy səhiyyə naziri vəzifəsində işlədiyi dövrlərdə bir çox yerlərdə, xüsusilə yoluxucu xəstəliklərin daha çox yayıldığı rayonlarda pulsuz müalicə xəstəxanaları və feldşer məntəqələri açdı və onların dərmanlarla, həkim kadrları ilə təchiz edilməsini xüsusi diqqət mərkəzində saxladı. O vaxt taun xəstəliyinin bölgələrdə daha çox yayıldığını nəzərə alan Xudadat bəy Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiyanın yaradılmasına nail oldu. Bununla da qorxulu bir bəlaya çevrilən taun xəstəliyinin qarşısının alınması istiqamətində olduqca mühüm işlər həyata keçirildi. Yenə də həmin dövrdə Azərbaycanda yeni yaranan müstəqil ordunun tibbi kadrlarla təmin edilməsi üçün Xudadat bəyin göstərişi ilə çoxsaylı tədbirlər həyata keçirildi, yeni hospitallar, səyyar hərbi tibb məntəqələri təşkil edildi və onların tibbi preparatlarla təmin edilməsi üçün xaricdən tibb ləvazimatları alındı.

Xudadat bəy Azərbaycan Cümhuriyyətinin birinci və ikinci kabinetlərində səhiyyə və sosial təminat naziri vəzifəsini uğurla həyata keçirdi. Amma hökumətdə tez-tez baş verən siyasi istefalar onun da vəzifəsindən getməsinə gətirib çıxardı.

1918-ci ilin dekabrında Xoyskinin hökuməti istefa verdi və Xudadat bəy bundan sonra ölkənin səhiyyə və sosial təminat naziri vəzifəsini tərk edərək, yenidən Gəncəyə qayıtdı. Yeri gəlmişkən, qeyd edək ki, 1918-1919-cu illərdə Gəncə və Gəncəbasar zonasında özbaşınalıq hökm sürürdü. Yeni qurulan müstəqil dövlətimizin hələ kifayət qədər möhkəmlənməməsindən istifadə edən bəzi qüvvələr silahlı dəstələr yaradaraq yerlərdə ağalıq edirdilər. Bunun qarşısını almaq üçünsə güclü bir ələ, qətiyyətli siyasi rəhbərə ehtiyac vardı. Belə bir iradəli, xalqın problemlərini həll edə, quldur dəstələrinin özbaşınalığına son qoya biləcək xadim isə Xudadat bəy Rəfibəyli ola bilərdi. Ona görə də xalqın tələbi ilə Xudadat bəy Gəncə general-qubernatoru təyin edildi. Bu, Xudadat bəy üçün böyük məsuliyyət, eyni zamanda həm də şərəf demək idi. Xudadat bəy yeni məsul vəzifəyə təyin edilməsinə və işinin çoxluğuna baxmayaraq, həkimlik fəaliyyətini də davam etdirirdi. O, hər gün günortaya kimi xəstələri müalicə edir, günortadan sonra isə quberniyanın problemlərinin həlli ilə məşğul olurdu.

O, bununla əlaqədar demişdi ki, mən həkiməm və vəzifəm xəstələri müalicə etməkdir. Amma indi qarşımda daha böyük bir vəzifə durur. Bu da bölgədə əmin-amanlığı, haqqı və ədaləti bərpa etmək, insanların dinc və sakit yaşayışına nail olmaq, onlarda dövlətimizə qarşı inam yaratmaqdır. O, buna nail olacağına əmin idi və tezliklə bölgədə sabitliyin təmin edilməsinə yönələn bir sıra tədbirlər həyata keçirdi. Nəticədə qısa müddətdə Gəncə və Gəncəbasar zonası əhaliyə qarşı zorakılıqlara əl atan silahlı quldur dəstələrindən təmizləndi və bölgədə əmin-amanlıq bərpa edildi. Eyni zamanda Xudadat bəy vəzifəsindən sui-istifadə edən məmurları və hüquq-mühafizə orqanları əməkdaşlarını da cəzalandırdı. Nəticədə əhalidə hüquq-mühafizə orqanlarına və müstəqil dövlətimizə inam artdı. O, vətəni, mənsub olduğu milləti üçün çox işlər görmək, Gəncədə və onun ətraf rayonlarında yeni fabrik-zavodlar, məktəblər, xəstəxanalar açmaq, Gəncədə böyük yenidənqurma işləri aparmaq, onu abadlaşdırmaq istəyirdi. Bu məqsədlə də xüsusi plan hazırlamışdı. Bu plana əsasən, Gəncə yenidən Azərbaycanın ən böyük və inkişaf etmiş şəhərlərindən birinə çevrilməli idi. Amma ona bu planını həyata keçirməyə imkan vermədilər. Belə ki, 1920-ci ilin əvvəllərindən başlayaraq, bolşevik Rusiyası Azərbaycanı işğal etmək üçün hərəkətə keçdi. Bu məqsədlə də bolşeviklər Azərbaycanın paytaxtı Bakıda, həmçinin Gəncədə və digər yerlərdə Rusiyanın nökərləri kimi çıxış edən pozucu qüvvələrdən istifadə etməyə başladılar. Həmin pozucu qüvvələr əhali arasında milli hökumətə qarşı təbliğat aparır, guya bolşeviklərin əhalini bəy-xan zülmündən xilas edərək, onlara torpaq verəcəyini, “azadlığa” çıxaracağını təbliğ edirdilər. Eyni zamanda bolşeviklərin yerli nökərləri Azərbaycanda yaşayan ermənilərlə birgə milli hökumətə qarşı müxtəlif təxribatlara əl atır, bəzi yerlərdə mühüm obyektləri partladır və hər vasitə ilə ölkədə anarxiya yaratmaq cəhdlərinə baş vururdular.Bir vaxt atası gedər-gəlməzə göndəriləndə 7 yaşı olan Nigar xanım və digərləri ata-babalarının haqq yolunu davam etdirdilər, bu nəslin görkəmli davamçıları olaraq tarixdə iz buraxdılar. Onların yolunu isə Xalq yazıçısı Anar davam etdirir.

Xudadat bəy Rəfibəyli Azərbaycan milli istiqlalının beşiyi olmuş Gəncədə əmin-amanlığı bərpa etmək, bolşevik nökəri olan və erməni daşnakları ilə birlikdə ilk cumhuriyyətimizə arxadan zərbə vurmaq istəyən yerli satqınların iç üzünə yaxşı bələd idi. Ona görə də bu satqınlarla mübarizəni özünün əsaz vəzifələrindən birinə çevirmişdi. Bu məqsədlə də o yerli əhali arasında təbliğatı gücləndirən tədbirlər həyata keçirir, bütün təxribatların qarşısını bacarıqla alırdı. Ona görə də Gəncədə milli hökumətimizə inam, azadlıq, müstəqillik ruhu olduqca güclü idi.

Amma Xudadat bəyin milli cümhuriyyəti qoruyub saxlamaq üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq, Azərbaycanın başı üzərindən qara yellər əsməkdə idi. Həmişəki kimi Azərbaycana təhlükə yenə də şimaldan gəlməkdə idi. Bolşeviklər Azərbaycana, Bakı neftinə can atırdılar. Bu işdə onlara bələdçilik edən isə bolşeviklərin yağlı vədlərinə inanan yerli satqınlarımız idi. Qırmızı ordu Türkiyəyə getmək adı ilə Azərbaycana gəlirdi və bu, çoxlarının əlini-qolunu bağlamışdı. Qardaş Türkiyəyə yardıma getmək istəyən qırmızı orduya əhali arasında süni bir rəğbət də formalaşdırılmışdı. Xudadat bəy həmin dövrdə qırmızı ordunun əsl məqsədini anlamışdı. Ancaq qüvvələr qeyri-bərabər idi. Ona görə də o, Gəncədəki milli Azərbaycan ordusunın zabitləri ilə bir araya gələrək vəziyyəti onlarla müzakirə etmiş, indiki məqamda hadisələrin gedişini gözləməyi, eyni zamanda sayıqlığı əldən verməməyi tapşırmışdı.

1920-ci ilin aprel ayının 27-dən 28-nə keçən gecə bolşeviklər Azərbaycanı işğal etdilər. Bunun ardınca, aprelin 29-da Qırmızı ordu hissələri ərazilərimizi işğal edə-edə Gəncəyə doğru irəliləməyə başladı. Belə bir vəziyyətdə artıq hiss olunurdu ki, Gəncənin taleyi həll olunub. Dinc insanların qanının tökülməməsi və Qırmızı ordu əsgərlərinin əllərinə şəhərdə kütləvi qətliamlar törətməyə bəhanə verməmək üçün Xudadat bəy uzaqgörən bir addım atdı. O, aprel ayının 30-da tutduğu vəzifəsindən istefa verdi. Xudadat bəyin qubernator kimi imzalamış olduğu axırıncı sənəd onunla birlikdə işləmiş adamların hamısına etdiyi müraciəti idi. Xudadat bəy bu müraciətində yazırdı: “Bir ilə yaxın müddətdə Gəncə qubernatoru vəzifəsini icra edərkən əmin oldum ki, həm quberniya idarəsinin və qubernator dəftərxanasının qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin qulluqçuları onlara həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirmiş və quberniyada asayiş, sülh və əmin-amanlıq yaratmaq işində mənə kömək etmək üçün var qüvvələrini əsirgəməmişlər. Ona görə də qubernator vəzifəsini tərk edərkən adlarını saydığım idarələrin qulluqçularına çəkdikləri zəhmətlərə və qeyrətlə işlədiklərinə görə səmimi minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm və ümidvaram ki, onlar Azərbaycan Respublikasının tərəqqisi və çiçəklənməsi naminə öz vəzifələrini bundan sonra da vicdanla və səylə yerinə yetirəcəklər. Qubernator Rəfibəyov”.

Lakin Xudadat bəy şəhəri tərk etmək fikrində deyildi və o, əvvəlki kimi həkimlik fəaliyyətini davam etdirmək niyyətində idi. Qırmızı ordu hissələri Gəncəyə daxil olandan bir neçə gün sonra şəhərdəki ermənilər azərbaycanlılara qarşı fəallaşmağa başladılar. Onlar guya şəhərdəki azərbaycanlıların və milli ordu hissələrinin Qırmızı orduya qarşı təxribata hazırlaşdığı barədə Bakıya məlumat verir, eyni zamanda XI Ordu komandanlığında bu işin başında Xudadat bəyin dayandığı barədə rəy formalaşdırırdılar. Guya Xudadat bəy general-qubernator olduğu vaxt bolşevik tərəfdarı olan insanlara qarşı sərt tədbirlər həyata keçirmiş, erməni qırğınında iştirak etmişdi. Nəticədə Gəncədəki Qırmızı ordu komandanlığı Xudadat bəyin həbs edilməsi üçün bəhanə axtarmağa başladı. Nəhayət, ermənilərin Qırmızı ordu komandanlığına Xudadat bəyin bolşeviklərə qarşı üsyan hazırlaması barədə verdiyi məlumat şəhərdəki bolşevik rejiminin səbrini daşdırdı. 1920-ci il may ayının 12-də bolşeviklər Xudadat bəyi həbs etdilər. Onu silahlı əsgərlərin nəzarəti altında birbaşa Gəncədən Bakıya aparmaq qərarına gəldilər. Bu hadisə bütün Gəncəni ayağa qaldırmış və əhali küçələrə axışmışdı. Dəmiryol stansiyasında minlərlə gəncəli vardı. Xudadat bəy üç nəfər silahlı əsgərin müşayiəti ilə qatara minmək üçün dəmiryol vağzalına gəlirdi; həmişəki kimi qamətini dik tutmuş və qürurlu görkəmini saxlamışdı. Şahidlərin sözlərinə görə, kimsə ona pul uzatmış, o isə əlləri ilə rədd etmişdi. Həmin vaxt Xudadat bəyi azad etmək üçün Şəmkirdən 500 nəfər silahlı dəstə Gəncəyə doğru gəlməkdə idi. Ancaq Xudadat bəy buna ehtiyac olmadığını bildirmişdi. O, günahsız olduğunu bilirdi və haqqını müdafiə edəcəyinə əmin idi… Lakin bolşevik rejimi ona haqqını müdafiə etməyə imkan vermədi. Bolşeviklər Xudadat bəyi erməni kəndlərinin yandırılması və yerli əhaliyə divan tutması iddiası ilə mühakimə etdilər. Xudadat bəy bu iftiranı rədd etdi və bu işdə özünün günahkar olmadığını bildirdi. Amma ona nə özünü müdafiə etməyə, nə də son sözünü deməyə imkan vermədilər. Çünki bu işi düzüb-qoşan, əvvəlcə, daşnaklara xidmət edən, sonra isə bolşeviklərin tərəfinə keçən müstəntiq Sofikyanın məqsədi Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən birini aradan götürtmək idi. Elə də oldu və saxta ittihamla Xudadat bəyi günahkar bildilər. İyunun 1-də onu gizlicə Xəzər dənizindəki adalardan birinə apararaq güllələdilər.

Gəncə üsyanı Xudadat bəyə görə başladı Xudadat bəy Rəfibəylinin həbsi Gəncədə üsyan üçün siqnal oldu.

Bununla əlaqədar tarixçi alim N.Yaqublu “Azərbaycan legionerləri” adlı kitabında yazır: “1920-ci ilin mayın ortalarından başlayaraq, Gəncədə vəziyyət kəskinləşmişdi və Qızıl ordu hissələri ilə əhali arasında toqquşma baş verəcəyi gözlənilirdi. Vəziyyəti gərginləşdirən və Gəncə üsyanının başlamasına səbəb olan amillərdən biri də Xudadat bəyin bolşeviklər tərəfindən həbs edilməsi idi. X. Rəfibəylinin istintaq işini burada ermənilər aparmışdı. Bu hadisədən bir neçə gün sonra, mayın 25-dən 26-na keçən gecə üsyan başlamışdı. Gəncə üsyanına başçılıq edən, Azərbaycan milli ordusunun keçmiş 3-cü piyada Gəncə polkunun komandiri, sonradan Polşa ordusunda xidmət etmiş, 1955-ci ilin yanvarında isə sovet KQB-sinin göndərdiyi bir xanım tərəfindən Almaniyada zəhər verilərək öldürülən məşhur albay Cahangir Kazımoğlu da xatirələrində üsyanın başlanmasına X. Rəfibəylinin həbsinin səbəb olduğunu göstərirdi”.

Həmin ağır günlər haqqında Rəfibəylilər nəslinin tədqiqatçısı, tanınmış alim Rafael Hüseynov belə yazır: “… Sovet dövləti Rəfibəyliləri doqquz dəfə ən sərt repressiyalara məruz qoydu. Həbs etdi, sürgünlərə yolladı, güllələdi. Gözlədi ki, yeni Rəfibəylilər yetişsin, sonra eyni bəlaları onların başına gətirdi. Rəfibəylilərin iri dəstəsi isə İrana, Türkiyəyə mühacirət etdi.

Amma şər imperiyasının caynağından qurtulmuş mühacir Rəfibəylilər xaricdə də rahat yaşaya bilmədilər. Təqiblər orda da davam etdi. Rəfibəylilər izi itirmək üçün Türkiyədə 3 müxtəlif soyadla ömür sürdülər – Arran, Sayqın, Əsgəran. Sovet İttifaqında qalanlar da bəyliklərini, Rəfibəyliliklərini gizlətmək üçün Rəfiyev oldular, Rəfizadə oldular, Babayev oldular, Kərimov oldular”…

Amma 70 ildən sonra Xudadat bəy Rəfibəyliyə günahı olmadığı barədə bəraət verildi.

ƏLAQƏ

Ünvan:

Nəcəfqulu Rəfiyev küçəsi, 56 АZ1025

Telefon:

(012) 490-13-73

Email: tm@esehhiye.az

İş saatları:

Muzey:  09:00 – 18:00

Ekskursiya: 10:00 – 16:00

BİZİ İZLƏYİN

Bazar və şənbə günü  istisna olmaqla Muzey hər gün fəaliyyət göstərir