Zərifə Əliyeva

Azərbaycan səhiyyənin inkişafında Zərifə Əliyevanın rolu

Zərifə xanım gözəl bir ailədə – görkəmli dövlət xadimi, Azərbaycanın böyük səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdır. Bu böyük insanın əksər xüsusiyyətləri qızı Zərifə xanımda öz təcəssümünü tapmışdır. Səmimilik, alicənablıq, qayğıkeşlik, birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işinin birliyi, vətənpərvərlik, xalqına, Vətəninə və torpağına sönməz məhəbbət Zərifə Əliyevaya xas cəhətlər idi.

Tibb İnstitutunu bitirdikdən və Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçdikdən sonra o, 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi fəaliyyətə başlayaraq ordinatorluqdan baş elmi işçiyə qədər yaradıcılıq yolu keçərək peşəkar mütəxəssis kimi formalaşmışdı. Elmi fəaliyyətinin ilk dövründə Zərifə Əliyeva tərəfindən traxomanın erkən diaqnostikası, müalicəsi və profilaktikasına dair aktual elmi araşdırmalar aparılmışdır. Namizədlik dissertasiyasında əksini tapmış bu axtarışların nəinki elmi, həmçinin böyük praktik əhəmiyyəti vardı. Minlərlə insanın korluqdan xilas olaraq ictimai faydalı əməyə qayıtmasının mümkünlüyü bu tədqiqatların mühümlüyünə dəlalət edirdi. Azərbaycanda traxoma xəstəliyinin ləğvinə yönəldilmiş kompleks tibbi tədbirlər məhz Zərifə Əliyevaya məxsusdur. Fundamental elmi axtarışlardan maksimum praktik nəticə əldə etmək xüsusiyyəti akademikin həm bu, həm də sonrakı işləri üçün xarakterikdir desək, yanılmarıq.

Zərifə xanımın bütün sonrakı elmi fəaliyyəti tibb elminin nailiyyətlərinin oftalmologiyada tətbiqinə yönəlmişdir. Bununla birgə, o həmişə oftalmologiyada kliniki istiqamətin tərəfdarı olmuşdur. Alim 60-cı illərdə dünya təcrübəsində birincilər sırasında görmə üzvünün peşə xəstəlikləri problemi üzrə geniş elmi axtarışlara başlamışdır. Sənaye zəhərlərinin görmə orqanına toksik təsirinin öyrənilməsinə dair bir sıra elmi əsərlər yazılsa da, kimya istehsalının müxtəlif inqrediyentlərinin gözə təsiri, xüsusilə peşə xəstəlikləri az öyrənilmişdi. Halbuki, kimyəvi inqrediyentlərin müxtəlif kombinasiyaları bir çox hallarda insan orqanizminə və görmə orqanına zərərli təsir göstərir. Kimyəvi maddələrin uzunmüddətli kompleks təsiri nəticəsində orqanlarda distrofik, proliferativ proseslər əmələ gəlir. İnkişaf etmiş bir çox ölkələrdə şin və yod istehsalı yüksək səviyyədə olsa da, bu sahələrdə istehsal tullantılarının orqanizmə toksik təsirinin öyrənilməsinə aid müfəssəl işlər yox idi. Zərifə xanım Əliyevanın elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də məhz yod və şin sənayesinin zərərli təsirlərindən gözün zədələnməsinin öyrənilməsi olmuşdur. Dünya ədəbiyyatında bu fundamental tədqiqatın analoqu, demək olar ki, yoxdur. Problem üzrə Zərifə xanımın elmi tədqiqatlarının nəticələri haqqında dərc olunmuş 30-dan çox elmi işdə tetraxloretilen, pestisid, stirol buxarlarının orqanizmə xroniki təsiri zamanı görmə üzvünün və onun funksiyalarının vəziyyəti əks etdirilir. Məhz bu dövrdən başlayaraq Zərifə xanımın elmi axtarışlarının əsas mövzusu Azərbaycanın kimya sənayesinin bəzi sahələrində çalışan fəhlələrin görmə orqanının vəziyyətini tədqiq etmək olmuşdur. Bu problem üzrə akademikin elmi tədqiqatlarının xarakter cəhəti yaradıcılıq axtarışlarının genişliyi, təhlillərin dərinliyi və elmi uzaqgörənliyi idi.

Zərifə Əliyeva əldə olunmuş nəticələrlə kifayətlənməyərək tədqiqatların mövzusunu daha da dərinləşdirmiş və dünyada ilk dəfə olaraq görmə orqanına az miqdarda olsa da, peşə amillərinin təsirini aşkar etmişdir. Alim mütəmadi olaraq tələbələri ilə elmi axtarışlarının nəticələrinin təhlilini aparır, onları elmi məqalə, məruzə və metodik tövsiyə formasında nəşr etdirirdi.

Aparılmış fundamental elmi işlərin nəticələri Zərifə xanımın 1976-cı ildə Helmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil edirdi. Bu məşhur institutun görkəmli alimləri və ixtisaslaşmış şuranın üzvləri işə yüksək qiymət verməklə çoxillik tədqiqatların nəticələrini monoqrafiya, dərs vəsaiti və metodik tövsiyə şəklində çap etdirməyi məsləhət görmüşdülər.

         Yaradıcılıq uzaqgörənliyi və həyatın nəbzini düzgün təyin etmək bacarığı Zərifə xanıma dünya praktikasında ilk dəfə olaraq istehsalat şəraitində – Bakı Məişət Kondisionerləri Zavodunun sexlərində elmi-tədqiqat laboratoriyası yaratmağa imkan verdi. Bu laboratoriya elmi axtarışlar aparmaqla yanaşı, görmə orqanının xəstəliklərinin erkən aşkar olunması və müalicəsində böyük rol oynayırdı. Həmin laboratoriyanın topladığı elmi materiallar Zərifə Əliyevanın üç tələbəsinin namizədlik dissertasiyasının mövzusunu təşkil edirdi. Akademikin elmi fəaliyyətinin çoxistiqamətliliyini onun rəhbərlik etdiyi kafedra və elmi-tədqiqat laboratoriyasının müasir oftalmologiyanın aktual problemlərinə həsr edilmiş müxtəlif tədqiqatları sübut edir. Görkəmli alimin elmi axtarışlarının indiki dövrdə.

    Elmi ədəbiyyatla gözəl davranan Zərifə Əliyeva kafedra və tədqiqat laboratoriyasında axtarışlarını səylə aparırdı. Buna səbəb Zərifə xanımın yüksək erudisiyası, çalışmaq mədəniyyəti, çox dəqiq məqsədyönlülüyü və prinsipiallığı idi. O, məlum hadisələrə yaradıcılıqla baxmaq qabiliyyətinə malik idi. Məhz akademikin bu xüsusiyyətləri onun orijinal klinik və elmi fəaliyyətini müəyyən edirdi. Zərifə xanımı həkimlərin tibbi etika və deontologiyası daim düşündürürdü. Bu sahəyə “Yüksək istedad” adlı monoqrafiyası həsr edilmişdi. Öz mühazirələrində Zərifə xanım Əliyeva təkmilləşmə kurslarında dinləyicilərinə həkimlik deontologiyası barəsində belə deyirdi: “Xəstə sənin əlini sıxıb səmimi qəlbdən – Həkim, çox sağ ol! – deyəndə öz elminin nailiyyətinə sevin”. O, elmi və elmi-pedaqoji kadrların hazırlanması və tədqiqatların aparılması üçün kafedra və laboratoriyanın təchizatına böyük diqqət yetirirdi. Çox qısa vaxtda akademik kafedra və laboratoriyanın maddi-texniki bazasını zənginləşdirdi.

Zərifə Əliyevanın tələbələri ilə birlikdə apardığı çoxşaxəli elmi tədqiqatları və bu oftalmoloji məktəbin ümumi cəhəti onun klinik-eksperimental istiqaməti idi. Görmə orqanının peşə patologiyası sahəsində çoxsaylı işlərində Zərifə xanım qeyd edirdi ki, elmi problemlərin işlənməsi nəinki xəstənin ciddi müayinə və müşahidəsindən, həmçinin fiziki amillərin, orqanizmin fizioloji statusunun, biokimyəvi və mübadilə proseslərinin, ətraf mühitin təsirinin tədqiqindən asılıdır. Bir amil şübhəsizdir: “Zərifə xanım öyrənilən prosesin dərinliyini aşkar etməyə böyük diqqət verirdi”.

Zərifə Əliyevanın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapır. Belə çoxşaxəli axtarışları aparmaq məhz Zərifə Əliyeva kimi böyük alimə qismət ola bilərdi. Məsələnin əhəmiyyəti yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, problemin həllinə xüsusi yanaşmadan ibarətdir. Bu xüsusiyyət akademikin fəal surətdə inkişaf etdirdiyi yaradıcılıq biliyini əks etdirən faktlarda öz sübutunu tapır. Mübaliğəsiz demək olar ki, 1970-1985-ci illərdə oftalmologiya sahəsində aparılan birgə yaradıcı axtarışların əsası Zərifə Əliyeva tərəfindən qoyulmuşdur. Buna Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor A.P.Nesterov, Rusiya Diplomdan Sonrakı Təhsil Akademiyasının oftalmologiya kafedrasının müdiri, professor L.K.Moşetova, Rusiya İridoloqlar Assosiasiyasının vitse-prezidenti, Rusiyanın əməkdar elm xadimi, professor N.B.Şulpina və digər görkəmli alim-oftalmoloqlarla yaradılan elmi əlaqələr canlı sübutdur.

Oftalmologiyanın mühüm problemləri üzrə kompleks tədqiqatlar və nəşrlər öz qiymətli nəticələrini verməklə yanaşı, həm də müasir dövrə qədər davam edən birgə əməkdaşlığın əsasını qoymuşdu. Alim elmi əməkdaşların – klinisistlərin müasir instrumental müayinələrə yiyələnməsinə böyük diqqət yetirməklə həkimlərdə klinik müşahidə və analizi ön plana çəkirdi. Alim-oftalmoloqların formalaşması və əməkdaşlığı sahəsində mühüm rolu 1977-ci ildə Zərifə xanımın təşəbbüsü ilə keçirilən Oftalmoloqların Ümumittifaq Elmi Cəmiyyətinin idarə heyətinin plenumu oynadı. Bu yüksək səviyyəli forumda oftalmologiyanın aktual problemlərinin kompleks öyrənilməsi geniş müzakirə olundu. Plenum təbabətin bu sahəsinin təşkili və inkişafında, həmçinin elmi-pedaqoji kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb etdi.

Zərifə Əliyevanın əmək fəaliyyətinin böyük bir hissəsi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlıdır. Əvvəl o, göz xəstəlikləri kafedrasının dosenti, sonra professoru və ömrünün sonuna kimi kafedra müdiri vəzifəsində çalışmışdır. 1977-ci ildə tibb elmləri doktoru Zərifə Əliyeva Ə.Əliyev adına Az.DHTİ göz xəstəlikləri kafedrasının professoru seçilir, pedaqoji işlə bərabər daha effektli elmi-tədqiqat işinin təşkilinə başlayır. Belə ki, 1974-cü ildə alimin “Gözün herpetik xəstəliyi” və “Kəskin virus konyunktivitləri” adlı həkimlər üçün dərs vəsaiti çapdan çıxmışdır. 1980-ci ildə isə akademik tərəfindən üç monoqrafiya nəşr edilmişdir: “Rezin istehsalında gözün peşə xəstəliyi”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Gözün və göz siniri yollarının yaşla əlaqədar dəyişiklikləri”, 1981-ci ildə isə onun “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” monoqrafiyası dərc olunmuşdur.

1980-ci ildə professora elmi xidmətlərinə və elmi pedaqoji kadrların hazırlanmasına görə respublikanın Əməkdar elm xadimi fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən “Rezin istehsalında gözün peşə patologiyası” monoqrafiyasına görə SSRİ Elmlər Akademiyası tərəfindən Zərifə Əliyeva akademik M.İ.Averbax adına təqaüdə layiq görülmüşdür. 1982-ci ildə professor Ə.Əliyev adına ADHTİ-nin oftalmologiya kafedrasının müdiri seçilmişdir. Onun elmi fikirləri və kompleks elmi tədqiqatları daha geniş vüsət almışdır. Zərifə xanımın rəhbərlik etdiyi kafedra və klinika oftalmologiyanın aktual problemlərinin, xəstənin müasir incə klinik müayinə üsullarının işlənib hazırlanması üzrə Azərbaycanın aparıcı mərkəzinə çevrilmişdir.

Zərifə Əliyevanın klinikası və kafedrası ilə Azərbaycan Dövlət Tibb İnstitutunun digər profilli kafedra və klinikaları, həm də Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun kollektivləri arasında elmi yaradıcılıq əlaqələri çox məhsuldar olmuşdur.

Onun mühazirələri, çıxışları, nitqləri həmişə yeniliyi və orijinallığı ilə diqqəti cəlb etmişdir. Akademik aydın danışıq və ifadə mədəniyyəti ilə hamını valeh edirdi və “Elə fikir yoxdur ki, onu sadə, aydın və qəbul ediləcək dildə ifadə etmək mümkün olmasın” (A.İ.Kersen) düsturu ilə sözün məxsusi məktəbini yaratmışdır.

Onun rəhbərliyi ilə mühazirələr, məşğələlər metodik cəhətdən işlənib hazırlanır, yeni məlumatlarla genişləndirilirdi. Tədris vəsaitinin müasir formaları öyrənilirdi. Bunların nəticəsində kafedranın tədris-metodik işi keyfiyyətcə yeni səviyyəyə qalxır və daha səmərəli olurdu. O böyük həvəslə öz biliyini gənc həkimlərə və elmi işçilərə mənimsədirdi.

Ciddi intizamı, məsuliyyət hissi, fikrinin məntiqi ardıcıllığı, yüksək mədəniyyəti və nitqinin yığcamlığı, insanlara diqqəti ümumi və tematik təkmilləşmə kurslarının dinləyicilərində böyük təəssüratlar yaratmışdır. İnstitutun Elmi Şurasının yığıncaqlarında, elmi konqreslərdə, simpoziumlarda, konfranslarda çıxış edərkən Zərifə xanım öz prinsipiallığı, biliyi, geniş dünyagörüşü, ideya yeniliyi, yüksək humanizmi ilə həmişə seçilmişdir.

Zərifə xanımın həkimlik fəaliyyəti xüsusi qeyd olunmalıdır. O həmişə əməkdaşlarından xəstələrə böyük məhəbbət və hörmət tələb edirdi və deyirdi: “Müalicə həkimi xəstənin ən doğma adamıdır”.

         Zərifə xanımın rəhbərliyi ilə həkimlərin səhər konfransı həqiqi məktəb idi və həmişə canlı, dolğun və əhatəli keçirdi. Müalicə həkiminin xəstə haqqında çıxışı çox vaxt auditoriya qarşısında imtahana çevrilirdi. Onun tərəfindən aparılan kliniki araşdırmalar, konsultasiyalar, xəstələrə baxışlar oftalmoloq həkimlərin ixtisaslarının artırılmasında böyük rol oynamışdır.

1982-ci ildə professor Zərifə Əliyevanın Moskva alimlərinin əməkdaşlığı ilə “İridodiaqnostikanın əsasları” və “Şəkərli diabet zamanı göz xəstəlikləri” kimi nəhəng işləri çapdan çıxmışdı. Onun elmi-pedoqoji və kliniki təcrübəsi 1983-cü ildə “Oftalmologiyanın aktual problemləri” əsərinin nəşr olunmasına imkan verdi. Həmin toplu da “Terapevtik oftalmologiya” kitabı kimi Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Tibb Universiteti müəllimlərinin və praktik həkimlərin masaüstü kitabına çevrildi.

Akademikin və onun tələbələrinin daktiologiyanın mühüm problemlərindən birinin işlənib hazırlanmasında elmi tədqiqatları əhəmiyyətli dərəcədə müvəffəqiyyətlidir. Bu problem üzrə 1983-cü ildə professor Zərifə Əliyeva və tibb elmləri doktoru professor M.Y.Sultanov tərəfindən hazırlanmış iki monoqrafiya – “Gözyaşı axıtmanın fiziologiyası” və “Gözyaşı axıtmanın cərrahi müalicəsinin müasir üsulları” çapdan çıxmışdı.

1983-cü ildə Zərifə xanımın tibb elmindəki böyük xidmətləri nəzərə alınaraq o, Azərbaycan Elmlər Akademiyasına həqiqi üzv seçilmişdir.

Əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor Zərifə Əliyeva dünyasını vaxtsız dəyişməsəydi, onun elmi-pedaqoji fəaliyyəti daha da məhsuldar olardı. Bu gün akademikin yetirmələri öz müəllimlərinin qoyduğu ənənəyə sadiq qalaraq elmi kollektivlərlə əməkdaşlığı davam və inkişaf etdirirlər. Belə elmi əməkdaşlıq Azərbaycan oftalmoloqlarını yeni müvəffəqiyyətlərə, ölkəmizdə və xaricdə oftalmologiyanın layiqli təmsilçiləri olmağa imkan verir.

Zərifə Əliyeva ömrü boyu tibb elminin və səhiyyənin ön sıralarında olmuşdur. Oftalmoloqların Ümumittifaq Elmi-Tibbi Cəmiyyətinin və Ümumittifaq “Bilik” Cəmiyyətinin İdarə heyətinin, Sovetlər birliyində Sülhü Müdafiə Komitəsinin üzvü və Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini olmuş, “Vestnik oftalmoloqii” jurnalının redaksiya heyətinə daxil idi.

Zərifə xanım Əliyeva yaradıcı insan idi. Onun adamlara məhəbbəti hər bir kəsə mübarizədə və qalib gəlməkdə daim kömək edirdi. O özünə qarşı çox tələbkar idi. Akademik Zərifə Əliyevanın xidmətləri yüksək orden və medallara layiq görülmüşdür. Bu nəcib insan tarixə nəinki istedadlı alim, klinisist, elm təşkilatçısı kimi, eyni zamanda gözəl pedaqoq və yeni alimlər nəslinin tərbiyəçisi kimi daxil olmuşdur. Azərbaycanda aparıcı oftalmoloji məktəblərdən birinin yaradıcısı idi. Minlərlə həkim onun rəhbərliyi altında insanlara sağlamlıq və yaradıcı əmək sevinci bəxş etməyi öyrənmişdir.

ƏLAQƏ

Ünvan:

Nəcəfqulu Rəfiyev küçəsi, 56 АZ1025

Telefon:

(012) 490-13-73

Email: tm@esehhiye.az

İş saatları:

Muzey:  09:00 – 18:00

Ekskursiya: 10:00 – 16:00

BİZİ İZLƏYİN

Bazar və şənbə günü  istisna olmaqla Muzey hər gün fəaliyyət göstərir